XX əsrin 2020 -ci ili dünya tarixinə keşməkeşli, ziqzaqlı bir il kimi düşmşdür. Dünyanı bürüyən COVİD - 19 pandemiyası, bir çox ölkələr arasındakı münasibətlərin gərginləşməsi, eləcə də dünyanı bürüyən iqtisadi böhran 2020 - ci ili şərtləndirən əsas amillərdəndir. Sözsüz ki, qeyd olunanlar dünyanın bir parçası olan Azərbaycandan da yan keçməmişdir. Ölkəmiz pandemiyaya qarşı mübarizə apardığı bir zamanda mənfur ermənilərin təxribatları nəticəsində düşmənlə mübarizə aparmaq məcburiyyətində qaldı. Azərbaycan 2020 - ci ilin 27 sentyabrında düşmən həmlələrinə qarşı başlatdığı Vətən müharibəsini 44 gün ərzində böyük zəfərlə başa çatdırdı. İki cəbhədə mübarizə aparan Azərbaycan, hər iki savaşı qalibiyyətlə tamamladı. Ölkəmiz 30 il ərzində 20 faiz Azərbaycan ərazisini işğal altında saxlayan düşmənin belini qırdı və onları torpaqlarımızdan qovub kapitulyasiya aktına imza atmğa məcbur etdi. Vətən müharibəsini zəfərlə sonlandıran Azərbaycan, dərhal azad edilmiş ərazilərdə quruculuq işlərinə başladı. Düşmən tərəfindən hər cür vəhşiliyə məruz qalmış, amansızcasına dağıdılmış ərazilərimizdə ilk olaraq infrastruktur bərpa edilməyə başlanıldı. Postmüharibə dövründə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkədə aparılan quruculuq işləri ilə paralel olaraq xarici siyasətdə də bir çox önəmli addımlar atdı. Azərbaycan Prezidenti ölkəmizin siyasi və iqtisadi maraqlarını təmin etmək üçün bir çox xarici ölkələrə işgüzar səfərlər etdi və ölkəmizdə bir çox forumların, konfransların keçirilməsinə nail oldu. Ölkəmizə səfərə gəlmiş, dünyanın ictimai - siyasi xadimləri erməni işğalçılarından azad edilmiş ərazilərimizdə erməni vəhşiliyinin canlı şahidi olmuşlar. Dünyada və bölgədə yaranmış reallıqları dəyərləndirmək, münasibət bildirmək üçün ölkəmizin aparıcı siyasi qüvvələrinin də öz yol xəritələrinə nəzər salmaq zərurəti yaranmışdı. Məhz bu amilləri əldə rəhbər tutaraq Ölkə Başçısı cənab İlham Əliyevin sədri olduğu, ölkənin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyası 2021 - ci ilin 5 mart tarixdə özünün VII qurultayını keçirtdi. Qurultayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev giriş nitqi söyləmişdir. Ölkə Başçısı çıxışında Yeni Azərbaycan Partiyasının yaranma zərurətindən, partiyanın keçdiyi yoldan, Azərbaycanın ictimai - siyasi həyatındakı çəkisindən geniş söhbət açdı. Eyni zamanda Azərbaycan Prezidenti bundan sonrakı zamanda YAP - ın qarşısında duran əsas vəzifələrdən də geniş söhbət açdı. Azərbaycan Respublikasının Prezidenti tarixə ekskurs edərək ölkənin yaranmış tarixi fürsətdən istifadə edərək yenidən öz müstəqilliyinə qovuşması, lakin ölkəni o zamanlar idarə edən şəxslərin səriştəsizliyi ucbatında müstəqilliyini itirməsi təhlükəsi ilə üzbəüz qaldığını qeyd etdi. 1991 - 1992 -ci illərdə Azərbaycana rəhbərlik edən adamların saxta referendum keçirdib guya Azərbaycan əhalisinin SSRİ - nin saxlanılmasına səs verdiklərini rəsmiləşdirmişlər. Azərbaycanın paytaxtında 20 yanvar qırğınını törətmiş bir imperiyanın saxlanılmasına xalq necə səs verə bilərdi? Təəssüflər olsun ki, bu səriştəsizlik AXC - Musavat cütlüyünün hakimiyyəti dövründə də davam etdi və ölkəni xaos, özbaşınalıq ağuşuna aldı. Məlumdur ki, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyev olmuşdur. 1991- ci ildə bir qrup sağlam düşüncəli Azərbaycan ziyalısı Heydər Əliyevə müraciət etmiş, ölkəni dağılmaq təhlükəsindən qorumaq üçün yeni bir siyasi qüvvəyə ehtiyac olduğunu və bu siyasi qüvvənin onun rəhbərliyi altında fəaliyyət göstərməsinin daha effektiv, daha da faydalı olacağını qeyd etmişlər. Ümummilli Lider onların bu çağırışına müsbət cavab vermiş və nəticədə onun rəhbərliyi altında yeni siyasi qüvvə - Yeni Azərbaycan Partiyası yaranmışdır. Bu partiyanın Azərbaycanın inkişafı naminə gördüyü işlər, ölkənin dünya birliyində mövqeyinin günü - gündən möhkəmlənməsi yolundakı xidmətləri göz qabağındadır. YAP - ın indiyə qədər həyata keçirdiyi tədbirlər və bundan sonra görəcəyi işlər Azərbaycanımızın çiçəklənməsinə xidmət edəcəkdir. Doğrudan da Ümummilli Lider əbəs yerə deməyib: "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!" Ələddin Əhmədov,Xocalı rayon ziyalısı